четверг, 8 марта 2012 г.

Milli mənəvi dəyərlərimizi qoruyaq



        Qədim zamanlarda oğuz ellərində  belə adət  olub.Təhlükədən xəbərdar  olan şəxs  dağın ən uca zirvəsinə qalxıb tonqal qalardı. Xalqı  gözləmədiyi təhlükədən xəbərdar edib,  mübarizə üçün səfərbər olmağa çağırardı.. Yenə təhlükə var... İndi təcavüzə məruz qalıb, təhlükəyə düçar olan milli – mənəvi irsimizə söykənən dəyərlərimizdir. Məqamında deyilmiş söz bəzən yüzlərlə nəzəriyyələrdən cild-cild kitablardan daha kəskin təsir gücünə malik olur. Həyat bizi imtahana çəkəndə cətinə düşəndə üstün ağıla, ziyalı fikrinə, ağsaqqal ,ağbirçək məsləhətinə ehtiyac duyuruq.     

       Adət ənənələrimizin unudulduğu, bayağılaşdırıldığı, milli –mental dəyərlərimizin kobudcasına pozulduğu, tapdandığı bir məqamda, ziyalı fikrinə, alim düşüncəsinə, xalqın vəkili səviyyəsində göstəriləcək münasibətə, veriləcək qiymətə  ehtiyac duyulur. Bu boşluğdan, ehtiyacdan doğan sualları kollecdə “ Unudulmaqda olan dəyərlər” mövzusunda keçirilən tədbirlərimizdə cavablandırmağa cəhd etdik. Çox uğurlu  bir cəhd.


               Toy –yas adətlərimizə maraq göstərməklə bərabər milli mənsubluğumuzun  simvolu atributu olan milli mənəvi irsimizin bugünkü səviyyəsi, ona olan münasibət bizi narahat edir. Bu bir vətəndaş narahatçılığıdır.Bu milli təəssübkeşlikdən doğan  narahatçılığdır. Bu xalqına bağlı bir insanın narahatlığı- dır. Xalqı yaşadan onun kimliyini sübut edən torpağımız, dilimiz  kimi milli mənəvi irsimiz olan toy, yas adətlərimiz, qəbirüstü abidələrimiz  bizim milli varlıq möhürümüzdür Zamanın ağır sınaqlarından keçib gələn, babaların bizə əmanət qoyduğu bir yadigardır .Onları bayağılaşdırmağa, meşşan, özgə donu geyindirməyə haqqımız yoxdur. Milli mənəvi dəyərlərimiz olan adətlərimiz milli varlığımızın ” Qız qalası”, “ Şirvanşahlar” abidəsidir. Onu bədheybət “Göydələn”lərlə əvəz etmək nə dərəcədə düzgündür?.
          

Hər birimiz doğmalarmıza, övladlarımaıza“şahlara” layiq təmtaraqlı toy etməyi arzulayırıq..Belə toyların iştirakçısı olmaq istəyirik. Gül-çiçək, təmtaraqlı, gözəl  libaslar  bəzək-düzək toylarımızı təntənəli etməklə bərabər həm də, daha yadda qalan edir.Yeni ailə quran cavanların,  qohumların uzun müddət yaddaşında qalır, sevinci həyatı boyu qəlblərdən silinmir. 
    
      Gəzib, gördüyümüz, televiziya ekranlarından seyr etdiymiz Avropa toylarınıa xas olan bir çox təmtaraqlı toy  elementləri artıq bizim toy elementlərimizə inteqrasiya edib. Lakin başqa xalqların toy adətlərindən fərqli olan milli çalarları saxlamaq , onun təkrarsızlığını , bənzərsizliyini yaşatmaq həyati zərurət, milli vətəndaşlıq borcumuzdur. 


        Geyim mədəniyyəti  dəvət olunduğun məclisin ab havasına eyni zamanda dəbə uyğun geyinməyi bacarmaq qabiliyyətidir. Gəlinlik paltarının ağ rəngdə, möhtəşəm - təmtaraqlı biçimdə olması paklığa təmizliyə bir işarədir. Gəlin qızın bir qədər   “daha ciddi” , “qollu “ paltarı onu  daha gözəl göstərməklə bərabər, həm də onun rahat davranışına imkan yaradar. Ola bilər kimsə  məni bu fikirlərimə görə konservativlikdə təqsirləndirsin. Mən heçdə çadranı və ya carşabı təbliğ etmirəm. 


       Dünyanın qloballaşdığı, mədəniyyətlərin inteqrasiya etdiyi bir zamanda bunu təlqin etmək ona nail olmağa cəhd etmək ən azı cahillikdir. İnsan sosial varlıq olaraq  həmişə yaxşıya doğru cəhd edir. Yaxşını öyrənib, tətbiq etmək, təbliğ etmək lazımdır. Müasir, dəbə uyğun geyimlər, yenilikdir –onun qarşısını istəsəkdə ala bilmərik. Qərbin həyat tərzini , adətə çevirdikləri açıq- saçıq davranışları,  toy –yas adətlərini kor-koranə, ağına, bozuna baxmadan təlqin etsək itirdiklərimiz çox , qazandıqlarımız az olacaqdır. Biz adətlərimizi, adətlərdəki milli çalarları yaşatmalıyıq. 
      
      Qədim tarixə malik xalq olduğumuz üçün, adət ənənələrimizin tarixi çox qədimdir. Milli xüsusiyyətlərimizdə çorəyə, allah ruzisinə müqqəddəs münasibətimiz olduğu bir halda , toy və digər məclidlərdə yol verdiyimiz israfçılığı necə izah edək. Bir tərəfdə qaçqın, köçkünə çevrilib,  cadır həyatı yaşayan, bəzən gündəlik tələbat mallarına belə ehtiyac duyan, qardaşlarin, bacıların  acınacaqlı güzəranına  bizlərdə bu qədər laqeydlik hardandır?.
           

         Yas yerlərində oan dəbdəbə,  bəzi qadınların qızıl, qaş-daş əşyaları, bəzək-düzəkli, boyalı “xüsusi” saç düzümləri ilə yas yerlərinə təşrif aparmaları nə qədər gülünc və bayağıdır.Yasa ailəyə və mərhumun ruhuna, xatirəsinə ehtiram əlaməti olaraq gedirlər. Son illər yaslarda dəb halını almış süfrə təmtarağı  israfçılıqdır. Məclisdə oturan insanlara bura  nə üçün toplandıqlarını unutdurur. Bəlkə  fikirləşək: biz dünyasını dəyişən insanın ruhunu niyə incidirik.
        

         Yazilmayan qanunlarla nizama salınan milli mənəvi irsimizi, qanunun maddələrinin soyuq nəzarəti qoruya bilməz.  ”Qadağan edilmiş ağacın meyvəsi daha şirin olur”. Mənəvi dəyərlərimizi bir neçə maddəlik qanunlar deyil, milyonların cəhdi, istəyi, torpağa vətənə onun tarixinə bağlılığı, milli mənsubluğundan doğan qürur hissi qorumalıdır.
Yetərki, abidələrimizi məhv etdik!  Mənəvi irsimizi,adətlərimizi məhv eməyək. Sonra bizi tarixsiz. gəlmə adlandıran, torpağımıza, tariximizə, mədəniyyətimizə, musiqimizə sahib çıxan “ qarı yağı”lara öz varlığımızı, milli mənsubluğumuzu necə sübut edərik.?
    

       Maddi sərvətlərimizi qoruyub, artırıb gələcək nəsillərə əmanət etdiyimiz kimi, bizə ata-bablarımızdan əmanət qalan milli mənəvi dəyərlərimizi hifz edib, yaşatmaq, saflığını qorumaq kimliyindın, zamanından və məkanından asılı olmayaraq, özünü Azərbaycanlı bilən hər bir şəxsin vətəndaşlıq borcudur.
 

1 комментарий: